"What works on Wall Street", James O'Shaughnessy. 2-ci hissə.
Bu gün biz James O'Shaughnessy kitabının növbəti fəsillərinin təhlilini davam etdiririk. Birinci hissədə biz müəyyən etdik ki uğurun əsas təməli - “ucuz” şirkətlərin alınmasıdır (value strategies). İndi isə "Böyümə və Keyfiyyət" (Growth və Quality) faktorları araşdıracayıq.
Bir çox investor sürətlə inkişaf edən, çox qazanan və effektiv idarə olunan şirkətləri axtarır. O'Shaughnessy bu göstəriciləri (mənfəət artımı, marja, rentabellik) çoz uzun dövr üçün yoxladı.
Fəsil 11. Bir illik mənfəət artımı: Optimistlər üçün "tələ".
Müəllif burda ən populyar strategiyalardan birini yoxlayır: “Son bir ildə mənfəəti ən çox artan şirkətləri al”. Maliyyə dilində bu EPS (Earnings Per Share) growth— yəni bir səhmə düşən mənfəət artımı adlanır.
O'Shaughnessy “All Stocks” kainatını ($150 mln-dan baha şirkətlər) götürdü və son 12 ayda mənfəət artımı ən yüksək olan 50 şirkəti seçdi. Və bunu hər il bir dəfə yenidən təkrarladı.
• Nəticəsi isə: illik cəmi 10,6% gəlir.
• S&P 500: eyni dövrdə 12,38% qazandırmışdı.
• Risk (standart kənarlaşma): 20,9%.
Nəticədə siz bazardan az qazandınız və eyni zamanda daha çox risk götürdünüz.
Bu, bir az şok edici nəticədir. Əksər investorlar “partlayan” mənfəət artımı olan şirkətlərin dalınca qaçır, amma rəqəmlər göstərir ki, bu uduzan strategiyadır. Niyə? Çünki bazar artıq bu uğuru bilir və səhm qiymətini həddindən artıq yüksəldib. Üstəlik, bir ildə sürətli artım çox vaxt növbəti ildə enişlə əvəz olunur (mean reversion). O'Shaughnessy bunu “growth trap” adlandırır: son uğur gələcək gəlirin pis proqnozlaşdırıcısıdır.
Fəsil 12. Beşillik mənfəət artımı: Sabitlik, yoxsa illüziya?
Əgər bir illik artım təsadüfidirsə, bəlkə 5 il ərzində sabit artım uğura zəmanət verir? Müəllif son 5 ildə ən yüksək CAGR (mənfəət artımı) göstərən şirkətlərin alınmasını da test etdi.
• Strategiyanın nəticəsi: 11,42% illik gəlir.
• S&P 500: 12,38%.
• Risk (standart kənarlaşma): 17,9%.
Hətta uzunmüddətli stabil artım belə indeksdən üstün nəticə vermədi. Investorlar “böyüyən” şirkətləri o qədər sevir ki, həmişə onlar üçün artıq ödəyirlər. Nəticədə, şirkət yaxşı işləməyə davam etsə belə, onun səhmi yavaş artır, çünki bütün gözləntilər artıq qiymətə daxil edilib. Müəllif vacib nəticəyə gəlir:
Fəsil 13. Mənfəət marjası: Effektivlik vs gəlirlilik
Profit Margin — biznesin “sağlamlığının” göstəricisidir. Bu, şirkətin hər 1 dollar satışdan neçə sent xalis mənfəət saxladığını göstərir. Əgər marja 20%-dirsə — bu çox effektiv biznesdir. Əgər 2%-dirsə — şirkət imkanlarının son həddində işləyir. Amma təbii ki bu sektordan sektora dəyişir.
O'Shaughnessy şirkətləri marjaya görə sıraladı və ən effektiv şirkətlərin səhmlərinin daha çox qazandırıb-qazandırmadığını yoxladı.
• Nəticə (ən yüksək marja): 12,63% illik.
• Nəticə (ən aşağı marja): 10,91%.
• Risk: 17,5%.
Nəticə: yüksək marja — keyfiyyət göstəricisidir, amma bazarı yalnız az fərqlə üstələyir. Profit Margin əla “filter”dir. O, zəif şirkətləri kənarlaşdırmağa kömək edir. Amma yalnız yüksək marjaya görə səhm almaq sizi varlı etməyəcək. Bu, keyfiyyət göstəricisidir, gələcək gəlirlilik yox. O'Shaughnessy: “əvvəl ucuz səhmləri tapın, sonra onların içindən marjası yüksək olanları seçilməsini” tövsiyə edir.
Fəsil 14. Return on Equity (ROE)
ROE (Return on Equity) şirkət menecmenti səhmdarların pulundan nə qədər effektiv istifadə etdiyini göstərir. Əgər siz biznesə 100 manat yatırıb 15 manat qazanmısınızsa, ROE 15%-dir. Məsələn, Warren Buffett bu göstəricini çox sevir. O'Shaughnessy də bunu böyük məlumatlar üzərində yoxladı.
Müəllif ən yüksək ROE-yə malik 50 səhm seçirdi və hər il rebalancing edirdi.
• Strategiyanın nəticəsi: 12,63%.
• S&P 500: 12,38%.
• Risk: 18,3%.
ROE təkbaşına demək olar ki əlavə fayda qatmır. Yüksək ROE çox vaxt böyük borcu olan şirkətlərdə olur (bu isə göstəricini süni şəkildə artırır və riski yüksəldir).
Fəsil 15. Relative Strength (Momentum): Qalibləri seçmə 🚀
Bu, kitabın ən maraqlı fəsillərindən biridir. Relative Strength — səhmin son bir ildə digər səhmlərlə müqayisədə necə hərəkət etdiyini göstərir. Əgər bazar 10% artıb, amma sizin səhm 50% artıbsa — onun Relative Strength-i yüksəkdir. Bu, “Momentum” strategiyasıdır: artan səhm— artmağa davam edəcək. Müəllif “All Stocks” kainatından son 12 ayda ən çox artan 50 səhm seçirdi.
• Nəticə (All Stocks üçün): 18,17%.
• Nəticə (Market Leaders üçün): 14,41%.
• Risk: 24,5% (çox yüksək!).
Relative Strength — təkbaşına işləyən yeganə “böyümə-keyfiyyət” faktorudur. Bazarın “ətaləti” var. İnvestorlar qalibləri almağa davam edir və qiyməti daha da yuxarı itələyirlər. Amma trend qırılan kimi bu səhmlər hamıdan tez düşür.
Biz bütün əsas faktorları ayrı-ayrılıqda təhlil etdik. Növbəti fəsillərdə müəllif bu faktorları birləşdirərək “ideal portfel” yaratdığı multi-factor modellərə keçir.