Benjamin Graham “Ağıllı İnvestor” (5-ci hissə)

Benjamin Graham “Ağıllı İnvestor” (5-ci hissə)
Photo by Nenad Kaevik / Unsplash

🧑‍💼 "Mister Market" konsepsiyası və bazar dalğalanmaları dərsləri

Bu fikir bazarın niyə belə qeyri-müəyyən olduğunu anlamağa və bazar dalğalanmalarından necə faydalanmağa kömək edir.


Mister Market kimdir?

Təsəvvür edin ki, sizin biznes tərəfdaşınız var — Mister Market. Hər gün o, yanınıza gələrək səhmlərinizi — yaxud məsələn, evinizi — fərqli qiymətlə almaq və ya satmaq təklifi verir. Bəzən o çox optimistdir və yüksək qiymət təklif edir. Başqa gün pessimistdir və çox aşağı qiymət söyləyir.


🏠 Ev nümunəsi

Tutaq ki, sizin eviniz var. (Ev misalını Ben Grahamın investisiya fəlsəfəsinə uyğunluğuna görə seçdik. Biz adətən evi heç vaxt qısa müddətli investisiya kimi görmürük.)

Və düşünün ki Mister Market hər gün onu almaq üçün təklif verir:

• Bazar ertəsi deyir: «Mən sənin evini 150 min dollara alaram!»

• Çərşənbə axşamı isə deyir: «Yaxşı, 135 min dollara ver, bu rayon yaxınlarda böhran yaşayacaq!»

• Çərşənbə günü qayıdır: «160 min dollara alaram, bazar yenidən canlanır!»

• Cümə axşamı isə deyir: «Düşünürəm, 145 min dollara da verərsən!»

• Və belə hər gün — qiymətlər yuxarı-aşağı dəyişir.

Siz nə edərdiniz? Əlbəttə, hər dəfə onun emosional təklifinə görə evinizi satmazdınız. Çünkü Sizin üçün evinizin bir daxili dəyəri var və qısa müddətli bazar dalğalanmalardan fayda qazanmaq fikriniz yoxdur. Və hətta müəyyən bir dövrdən sonra, Mr. Marketin təkliflərinə heç baxmazdınız.


Bazar niyə dalğalanır?

Mister Market — bazarın və onun emosiyalarının metaforasıdır.

Qiymətlər qorxu, optimizm, xəbərlər və gözləntilər səbəbindən dəyişir. Bu dalğalanmalar çox insanda təşviş yaradır və tez qərar vermək istəyinə səbəb olur — almaq və ya satmaq.


Bu hissənin mesajları:

  1. Bazar emosiyalarına qapılmayın. Mister Market emosional tərəfdaşdır, təklifləri çox vaxt məntiqsiz olur.
  2. Dalğalanmaları fürsət kimi dəyərləndirin. Mister Market panikaya qapılıb aşağı qiymət təklif etdikdə alın. O həddindən artıq optimist olduqda isə sata bilərsiniz.
  3. Uzunmüddətli baxış uğurun açarıdır. Dalğalanmalar normaldır, amma zamanla qiymət həqiqi dəyərə yaxınlaşır.
  4. Qiymət həmişə dəyəri əks etdirmir. Mister Market səhv edə bilər — sizin işiniz həqiqi dəyəri görməkdir.