2 günə $20 milyardı buxarlandıran və İsveçrə bankını məhv edən “xeyirxah”.
Maliyyə dünyasının tarixi çoxlu dağıdıcı çöküşlər görüb, hətta biz bir neçəsi haqqında burda yazmışdıq. Amma bu gün danışacağımız hadisə xüsusi yer tutur. 2021-ci ilin mart ayında bəşəriyyət tarixində özəl kapitalın bəlkə ən sürətli və ən böyük çöküşü baş verdi. Milyarder Bill Hwang cəmi 48 saat ərzində 20 milyard dollar itirməyi bacardı, bununla yanaşı digər şirkətlərin bazar kapitallaşmasından $100 milyard silərək, 165 illik tarixə malik İsveçrə bankını da batırdı. 💣🏦
📖 Bioqrafiya: Pastorun oğlu və Wall Street-in “Tiger Cub”u
Sung Kook “Bill” Hwang Cənubi Koreyada xristian pastorunun ailəsində anadan olub və yeniyetmə yaşlarında ABŞ-a köçüb. Wall Street-də adi analitik kimi fəaliyyətə başlayıb, lakin qısa zamanda əfsanəvi investor, Tiger Management fondunun qurucusu olan Julian Robertson himayəsinə düşüb. Hwang “Tiger Cubs” adlandırılan — Robertson tərəfindən yetişdirilmiş elit fond menecerlərindən biri oldu. 🐅📈
2001-ci ildə Bill öz hedge fondunu — Tiger Asia Management-ı yaratdı. İşlər yaxşı gedirdi, ta ki 2012-ci ildə SEC onu Çin banklarının səhmləri ilə insayder ticarəti və bazar manipulyasiyasında yaxalayana qədər. Fond bağlandı, Hwang isə $44 milyon cərimə ödədi. ⚖️💸
Bu cür iddialardan sonra belə görünürdü ki, karyerası bitib. Amma Bill Hwang hüquqi baxımdan dahiyanə addım atdı. 2013-cü ildə o, Archegos Capital Management şirkətini qurdu, lakin onu hedge fond kimi deyil, family office (ailə ofisi) kimi qeydiyyatdan keçirdi.
🔐 Niyə məhz bu şəkildə etdi?
ABŞ qanunları ailə ofislərinə demək olar ki, nəzarət etmir. Onlar aktivlərini, əməliyyatlarını və kapital həcmini ictimaiyyətə açıqlamaq məcburiyyətində deyil.
Beləcə Hwang kölgəyə çəkildi. Gündəlik həyatda təvazökar görünürdü: New Jersey-də sadə evdə yaşayır, köhnə Hyundai sürür və öz xeyriyyə fondu — Grace and Mercy Foundation vasitəsilə milyonlarla dollar ianə edirdi. Amma birjada bu “xeyirxah” özünü kazino oyunçularının ən dəli versiyası kimi aparırdı. 🎰🔥
⚔️ Strategiya
Hwang-ın strategiyası iki sütun üzərində qurulmuşdu: ekstremal konsentrasiya və nəhəng gizli leverage (borclanma).
📊 Rəqəmlər və alətlər:
• Şəxsi kapital: Başlanğıcda Hwang-ın təxminən $200 milyon vəsaiti var idi. 2021-ci ilin əvvəlinə aqressiv artım sayəsində bunu $20 milyarda çevirmişdi.🚀
• Real mövqe həcmi (Exposure): Bankların pullarından istifadə edərək fondun alış gücünü $100 milyarda qədər şişirtmişdi. Yəni öz hər $1 vəsaitinə qarşı banklardan əlavə $4–5 borc götürürdü.
• Nə alırdı: Diversifikasiya olunmuş portfel əvəzinə Hwang bütün vəsaitini 10–11 səhmdən ibarət dar qrupa yerləşdirirdi. Əsasən texnologiya və media nəhəngləri: ViacomCBS, Discovery, Baidu, Tencent Music, Vipshop.
🤯 Sistemi necə aldatdı?
Hwang mürəkkəb derivativdən istifadə edirdi — Total Return Swaps (tam gəlirlilik svopu).
Mexanika sadə idi: bank (broker) səhmləri öz balansına alırdı, Hwang isə anonim qalaraq sadəcə qiymət dəyişməsindən gələn mənfəət və ya zərərə şərik olurdu.
Ancaq əsas sirr nədə idi? Hwang dünyanın 6 ən böyük bankına müraciət edərək — Credit Suisse, Nomura, Goldman Sachs, Morgan Stanley, UBS və Deutsche Bank — və hər biri ilə ayrı-ayrılıqda belə müqavilələr bağlamışdı. Heç bir bank onun rəqiblərlə də eyni oyunu oynadığını bilmirdi! 🎭Bu ona çox yüksək konsentrasiya əldə etməyə və qiymət üzrə manipulasıya etməyə imkanı yaradırdı.
Nəticədə Hwang gizli şəkildə ViacomCBS səhmlərinin 50%-nə qədərinə nəzarət edirdi. O, süni qıtlıq yaradır, səhmlərin qiymətini yuxarı qaldırırdı. Qiymətlər artdıqca banklar Archegos-un kağız üzərində qazancını görür, Bill-in “dahiliyinə” heyran qalır və həmin bahalaşmış səhmləri girov qəbul edib ona daha çox kredit verirdilər. Hwang bu kreditlə banklardan daha çox swap alır, banklar yenidən səhm alırlar, nəticədə qiymətlər yenə artır və oyun bu şəkildə davam edirdi.
Bu, barıt çəlləyi üzərində işləyən piramida idi. 💥
☠️ Və barıt çəlləyi 22 mart 2021-ci ildə partladı.
Media nəhəngi ViacomCBS səhmlərinin kosmosa uçmasını kənardan izləmək istəmədi və vəziyyətdən istifadə etməyə qərar verdi. Şirkət yüksək qiymətləndirmədən faydalanaraq əlavə $3 milyardlıq səhm emissiyası elan etdi. 📉
Səhmlərin sayı artdıqca, məntiqli olaraq qiymətlər düşməyə başladı. Bir gün ərzində ViacomCBS 9% gerilədi.
Adi investor üçün bu xoşagəlməz hal ola bilərdi. Amma Hwang üçün — ölüm hökmü idi. (5 misli borclandığı üçün, 9% geriləmə onun üçün 45%-lik düşüş demək idi)
Margin Call
Banklar girovun (səhmlərin) ucuzlaşdığını gördü və Hwang-dan riskləri bağlamaq üçün təcili milyardlarla dollar canlı pul tələb etdilər.
Ancaq təbii ki onun pulu yox idi. Hwang-ın bütün vəsaiti bazarda idi. 💸❌
Wall Street üslubunda “adi” xəyanət
25 martda banklar gizli Zoom görüşündə toplanaraq mövqelərdən sakit və mərhələli çıxış barədə razılığa gəlməyə çalışdılar.
Amma zəng bitən kimi Amerikanın Goldman Sachs və Morgan Stanley bankları “centlmen razılaşmalarına” məhəl qoymadılar. Onlar ilk olaraq özlərini xilas etmək üçün Archegos-un $19 milyardlıq aktivlərini təcili satmağa başladılar. (“fire sale”)🔥📉
Əgər Oyun Nəzəriyyəsi ilə tanışsanızsa, yəqin bilirsiniz ki, belə “centlmen razılaşmalarında” adətən ilk aldadan ən çox qazanan olur.
Bankların satış dalğası ViacomCBS və Baidu qiymətlərini tamamilə çökdürdü. Onlar bir gün ərzində 30–50% düşdü.
Və Archegos balonu partladı. 💣
🏦 Credit Suisse
Amerikalılar — xüsusilə Goldman Sachs — səhmləri sürətlə sataraq zərərsiz çıxmağa çalışdığı halda, Avropa bankları onlara xas yavaşlıq nümayiş etdirdi.
Yaponiyanın Nomura və İsveçrənin Credit Suisse bankları Hwang ilə razılığa gəlməyə çalışır, möcüzə gözləyirdi.
Satmağa başlayanda isə artıq qiymətlər dibə çatmışdı.
• Nomura təxminən $2 milyard itirdi.
• Credit Suisse isə dağıdıcı zərbə aldı — $5,5 milyard zərər. 😱
165 illik tarixə malik İsveçrə maliyyə nəhəngi üçün bu, sonun başlanğıcı oldu. Archegos zərəri bankın kapitalının yarısından çoxunu məhv etdi.
Məlum oldu ki, Credit Suisse-in risk idarəetməsi bölməsi sözün əsl mənasında “yatıbmış”: sistem illərlə Hwang-ın mövqelərinin bütün mümkün limitləri aşdığı barədə xəbərdarlıq etsə də, fond banka böyük komissiyalar gətirdiyi üçün buna göz yumulurdu. 🚨
Bu misal investor və müştəri etimadını sarsıtdı. Archegos-dan sonra başqa qalmaqallar da başladı, depozit axını yarandı və nəhayət 2023-cü ildə Credit Suisse iflas etdi və rəqibi UBS tərəfindən məcburi şəkildə uduldu.
Bill Hwang özü də fərqinə varmadan qlobal bank sisteminin sütunlarından birini yıxdı. 🌍🏛️
⚖️ Hekayənin qəhrəmanlarına nə oldu?
Bu dramın finalı Manhattan federal məhkəməsinin zalında baş verdi.
• Bill Hwang: Prokurorlar onun hərəkətlərini “milli miqyaslı fırıldaqçılıq” adlandırdı. 2024-cü ilin iyulunda andlılar məhkəməsi onu 10 cinayət maddəsi üzrə (fırıldaqçılıq, bazar manipulyasiyası, reket) təqsirli bildi. 2024-cü ilin noyabrında Bill Hwang 18 il həbs cəzasına məhkum edildi və zərər çəkmiş banklara $9 milyarddan çox kompensasiya ödəməyə məcbur edildi. Ancaq onun $20 milyardından “cəmi” təxminən $55 milyon qaldı.
• Patrick Halligan (fondun CFO-su): Archegos-un maliyyə direktoru, banklardan məlumat gizlətməkdə Hwang-a kömək edən şəxs, rəhbəri ilə birlikdə məhkum edildi və 2025-ci ilin yanvarında həbs cəzası aldı.
• Bank treyderləri və risk-menecerləri: Credit Suisse-in investisiya bölməsinin top-menecerləri və risk şöbələrinin rəhbərləri rüsvayçı şəkildə işdən çıxarıldılar. Onların bir çoxu maliyyə sektorunda işləmək hüququnu həmişəlik itirdi.