“House of WireCard” maliyyə möcüzəsindən beynəlxalq qalmaqalına gedən yol.

“House of WireCard” maliyyə möcüzəsindən beynəlxalq qalmaqalına gedən yol.
Photo by Merrilee Schultz / Unsplash

2018-ci ildə Almaniyanın ən dəyərli texnologiya şirkətlərindən biri olan Wirecard - avtomobil nəhəngi BMW-ni belə geridə qoymuşdu. İnvestorlar onu “Avropanın PayPal-ı” adlandırırdı. Alman siyasətçiləri isə Wirecard-ı ölkənin texnoloji qüruru hesab edirdilər.

Amma iki il sonra məlum oldu ki, şirkətin balansı o qədər də sağlam deyil. Bu, sadəcə maliyyə fırıldağı deyildi. Wirecard tarixində:

  • rus xüsusi xidmət orqanları,
  • saxta pasportlar,
  • “18+” saytların ödənişləri,
  • qeyri-qanuni kazino şəbəkələri,
  • gizli casus əməliyyatları,
  • və Avropanın ən böyük korporativ yalanlarından biri vardı.

Bu hekayənin mərkəzində isə iki şəxs dayanırdı:

🧠 daim qara boğaz köynək geyinən “alman Steve Jobs” — Markus Braun
🕶️ və sonradan Rusiya kəşfiyyatı ilə əlaqələri ortaya çıxan Jan Marsalek.

🚀 Dotcom dövrünün “möcüzəsi”

Wirecard 1999-cu ildə Münhen yaxınlığındakı Ashheim şəhərində yaradıldı. O dövrdə internet şirkətləri sürətlə böyüyürdü, lakin bir problem vardı: internetdən necə pul qazanmaq lazım olduğunu çox adam anlamırdı.

Wirecard isə ən riskli sahəyə girdi — onlayn ödənişlər. Xüsusilə heç kimin girmək istəmədiyi:
🎰 internet kazinoları
🔞 böyüklər üçün saytlar
💳 yüksək riskli tranzaksiyalar

Ənənəvi Alman bankları bu sahələrdən uzaq qaçırdı.

2002-ci ildə dotcom balonu partlayanda şirkət demək olar ki, iflas etdi. Elə həmin vaxt səhnəyə Markus Braun çıxdı.

 🧑‍💼 Markus Braun — “Alman Steve Jobs”

Markus Braun Avstriyadan olan iqtisadçı idi. O, Wirecard-ı sadəcə ödəniş sistemi deyil, gələcəyin qlobal texnologiya platforması kimi görürdü. Braun investorların qarşısına həmişə:

  • qara boğaz köynəkdə,
  • sakit tonla,
  • mürəkkəb texnoloji terminlərlə çıxırdı.

O, “nağdsız dünyanın gələcəyindən” danışırdı. 💳

İnvestorlar ona inanırdı. Almaniya isə nəhayət Silicon Valley-ə rəqib olacaq texnologiya şirkəti tapdığına sevinirdi. Wirecard bir neçə il ərzində dünyanın müxtəlif ölkələrində şirkətlər aldı və bank lisenziyası əldə etdi. Məhz bu qarışıq struktur sonradan böyük manipulyasiyanın əsasına çevrildi.

🎩 “Havadan milyard yaratmaq” sənəti

Wirecard-ın əsas sirri “Third-Party Acquiring” adlı sistem idi. Partnyor şirkətlərin sənədlərini göstərərək EY auditorlarını razı salırdılar.

“Asiyada və Yaxın Şərqdə bizim yerli tərəfdaşlarımız var. Onlar bizim adımızdan ödənişləri qəbul edir.”

Kağız üzərində hər şey ideal görünürdü. Amma burda bir problem vardı:

👻 həmin tərəfdaşların bir hissəsi ya mövcud deyildi, ya da real biznes aparmırdı.

 Jurnalistlər bəzi “strateji partnyorların” ofislərini axtaranda onların ünvanlarında boş binalar, kiçik yaşayış evləri, və ya tamamilə əlaqəsiz şirkətlər tapırdılar.

 📊 Kağız üzərində möcüzə

2018-ci ildə Wirecard rəsmi olaraq:

  • 2 milyard avro gəlir,
  • 347 milyon avro mənfəət,
  • 2.1 milyard avro nağd vəsait göstərirdi.

Şirkətin bazar dəyəri 24 milyard avroya çatmışdı. 😳

Reallıq isə çox fərqli idi:

⚠️ gəlirin böyük hissəsi saxta idi
⚠️ mənfəət şişirdilmişdi
⚠️ balansdakı 1.9 milyard avro isə ümumiyyətlə yox idi

Əgər Markus Braun investorları xoş sözlərlə "bişirən" vizioner idisə, Jan Marsalek tamamilə başqa dünyadan idi.

O:
✈️ daim səyahət edir,
🌍 offshore şəbəkələri qurur,
🤝 şübhəli banklarla əlaqələr yaradırdı.

Marsalek universitet belə bitirməmişdi. Amma inanılmaz əlaqələr qurma qabiliyyətinə malik idi. Şirkət dağıldıqdan sonra ortaya çıxdı ki o, illərlə Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olub. 🕵️‍♂️

Onun adı:

  • GRU,
  • FSB,
  • Liviyadakı muzdlu döyüşçülər,
  • “Novichok” zəhəri,
  • və Avropadakı casus şəbəkələri ilə hallanırdı.

Sonradan məlum oldu ki, Wirecard sadəcə fintech şirkəti deyilmiş. O, həm də pulların yuyulması və gizli əməliyyatların maliyyələşdirilməsi üçün ideal platformaya çevrilmişdi.

📰 Financial Times-a qarşı müharibə

Wirecard-ı ifşa etməyə çalışan əsas şəxs Financial Times jurnalisti Dan McCrum idi. 🧾 2014-cü ildən başlayaraq o, Wirecard haqqında şübhəli materiallar dərc etməyə başladı:

  • qəribə satınalmalar,
  • şişirdilmiş gəlirlər,
  • anlaşılmaz Asiya əməliyyatları.

Wirecard isə cavab olaraq:
🕵️ xüsusi detektivlər tutdu
💻 hakerlərdən istifadə etdi
⚖️ jurnalistləri məhkəməyə verdi

McCrum Londonda şübhəli görünüşlü şəxslər tərəfindən izlənilirdi. Onun elektron poçtunu sındırmağa çalışırdılar. Ən qəribəsi isə Almaniya dövlətinin reaksiyası idi. Alman tənzimləyicisi BaFin jurnalistin materiallarını araşdırmaq əvəzinə, onu “bazar manipulyasiyası”nda ittiham etdi. 😳

Hətta bir müddət Wirecard səhmlərinə qarşı short-selling belə qadağan edilmişdi. Çünki Almaniya öz “texnologiya çempionunu” qorumaq istəyirdi.

🏛️ Angela Merkel və siyasi dəstək

2019-cu ildə artıq Financial Times çox ciddi faktlar yayımlamışdı. Buna baxmayaraq, Almaniya kansleri Angela Merkel Çinə səfəri zamanı şəxsi olaraq Wirecard-ın maraqlarını müdafiə edirdi. Şirkətin Çin bazarına daxil olması üçün siyasi lobbiçilik aparılırdı. Bu prosesdə keçmiş müdafiə naziri Karl-Theodor Guttenberg, böyük bankirlər və Alman siyasi elitası iştirak edirdi. Wirecard Almaniyanın milli uğur simvoluna çevrilmişdi. Heç kim bu nağılın dağılmasını istəmirdi.

2019-cu ildə vəziyyət artıq kritik olmağa başladı. Elə bu vaxt səhnəyə Masayoshi Son və məşhur SoftBank çıxdı. 🚀 Onlar Wirecard-a 900 milyon avroluq investisiya etdiyini açıqladı. Bazar bunu müsbət siqnal kimi qəbul etdi:

“Əgər SoftBank inanırsa, deməli şirkət realdır.”

Wirecard səhmləri sürətlə bahalaşdı. Amma sonradan məlum oldu ki SoftBank faktiki olaraq risk götürməmişdi.😏 Onlar:

  1. istiqraz aldılar,
  2. sonra həmin riskləri sakitçə başqa investorlara ötürdülər,
  3. və öz reputasiyalarından istifadə edib milyonlarla avro qazandılar.

Nəticədə həmişəki kimi olan adi investorlara oldu. (Banklar işləyir də. Bu sizin üçün 60 qəpik metro pulunu iki dəfə silmək deyil ee)

🌍 Türkiyə, Əfqanıstan və çirkli pullar

Wirecard-ın əlaqələri çox qaranlıq bölgələrə uzanırdı. FinCEN sənədləri göstərdi ki, Türkiyənin Aktif Bank adlı bankı Wirecard üçün əsas tərəfdaşlardan biri olub. Hətta bəzi əməliyyatların Əfqanıstan və Taliban-la əlaqəli maliyyə axınlarına toxunduğu deyilirdi. Wirecard getdikcə daha çox qlobal “pul yuma maşınına” bənzəyirdi.

💥 Böyük çöküş

2020-ci ildə artıq təzyiq çox artmışdı. Bu işin xüsusi auditi üçün KPMG cəlb edildi. Auditorlar əsas problemi tapdı:

❓ Filippin hesablarında göstərilən 1.9 milyard avronun izi yox idi.

18 iyun 2020-ci ildə hər şey dağıldı. Uzun illər Wirecard hesabatlarını təsdiqləyən EY auditoru nəhayət etiraf etdi:

💣 pullar mövcud deyil.

Sonrakı hadisələr ildırım sürəti ilə inkişaf etdi:

  • Markus Braun istefa verdi,
  • Jan Marsalek yoxa çıxdı və Rusiya xüsusi xidmət orqanlarının himayəsinə keçdi.
  • şirkət iflas elan etdi.

Bir vaxtlar 200 avro olan səhmlər qəpiklərə çevrildi. 📉

⚖️ Markus Braun indi həbsdədir. O, təbii ki özünü günahsız hesab edir və deyir ki:

“Məni Jan Marsalek aldatdı.”

Amma prokurorlar sübut etdi ki Braun saxta hesabatları təsdiqləyirdi, şübhəli kreditləri şəxsən təsdiq etmişdi, investorları bilərəkdən aldadırdı.

Menecerlər, saxta sənəd hazırlayanlar, hakerlər, jurnalistlərə təzyiq göstərən özəl detektivlər kimi digər iştirakçılar da müxtəlif ölkələrdə həbs olundu.

EY audit şirkəti isə minlərlə investor tərəfindən məhkəmə ilə üzləşdi.

Wirecard tarixi investisiya dünyası üçün çox vacib dərslər verdi:

1️⃣ “Qara boğaz köynəyə” aldanmayın

Karizmatik rəhbər həmişə yaxşı biznes demək deyil.

2️⃣ Həddindən artıq mürəkkəblik təhlükəlidir

Əgər şirkətin necə pul qazandığını izah etmək çətindirsə — bu artıq siqnaldır. 🚨

3️⃣ Dövlət də səhv edə bilər

Siyasi dəstək şirkətin dürüst olduğunu göstərmir.

4️⃣ Tənqidçilərə qulaq asın

Əgər şirkət jurnalistlərlə savaşmağa milyonlar xərcləyirsə, bu çox böyük xəbərdarlıqdır.