Hedc Fondlar Ensiklopediyası. Məqalə 2: Convertible Arbitrage və ya "uduzmayan" strategiya.

Hedc Fondlar Ensiklopediyası. Məqalə 2: Convertible Arbitrage və ya "uduzmayan" strategiya.
Photo by Markus Winkler / Unsplash

Təsəvvür edin ki, fond bazarında ideal bir fırtına qopub: səhm bazarı uçuruma yuvarlanır, investorlar panika içində portfellərini satırlar, maliyyə analitikləri isə dünyanın sonunu proqnozlaşdırırlar. Elə həmin anda bir hedc fondun ofisində portfel meneceri sakitcə özünə bir fincan qəhvə süzür və təbəssümlə ticarət terminalına baxır. Onun fondu bu enişdən indicə milyonlarla dollar qazanıb.

"Burada nə var ki? Fond sadəcə səhmləri “short” satıb və pul qazanıb" — deyə bilərsiniz.

Amma icazə verin sizi təəccübləndirim. Əgər həmin səhmlər düşmək əvəzinə yüksəlsəydi, fond yenə də təxminən eyni qədər qazanc əldə edəcəkdi.

Bu artıq sadəcə “short selling” deyil. Bu, sadəlövh investorlar üçün yazılmış nağıla bənzəyir. Bazarın istiqamətini təxmin etmədən həm portfel çökəndə, həm də sürətlə yüksələndə necə gəlir əldə etmək olar?

Yüksək maliyyə dünyasında bu əməliyyata Convertible Arbitrage adlanır. Bu, bazardakı xaosu və panikanı sabit gəlirə çevirən zərif strategiyadır. Gəlin onun daxili mexanizmini birlikdə araşdıraq.

Strategiyanın əsas anlayışları 🏛️

Bu strategiyanın "sehrini" başa düşmək üçün əvvəlcə əsas terminlərlə tanış olaq:

1. Convertible Bond

Bu "hibrid" maliyyə alətidir.

Bir tərəfdən bu, adi istiqrazdır: siz şirkətə pul verirsiniz, o isə müəyyən edilmiş müddətdə əsas məbləği qaytarmağa və mütəmadi olaraq sizə faiz (kupon) ödəməyə öhdəlik götürür.

Digər tərəfdən isə bu istiqrazın xüsusi bir üstünlüyü var — onu istənilən vaxt əvvəlcədən müəyyən edilmiş qiymətlə həmin şirkətin adi səhmlərinə dəyişmək mümkündür. Şirkətlər adətən öz istiqrazlarını daha cəlb edici etmək üçün bu alətə əl atırlar.
Misal üçün. Şirkət 1000 manata istiqraz satır. Kupon faizi da olsun 8%. Bu faizlə bu istiqraza təlabat az olacaqsa, şirkət investorlara əlavə imkan verir. Məsələn bu istiqrazı şirkətin 20 səhminə dəyişmək imkanı verir (bu da bir səhmini 50 AZN-ə almağa bərabərdir). Başa düşdüyünüz kimi bu sanki investora əlavə opsiyon təqdim edilib. 

2. Embedded Option (“yerləşdirilmiş”/"quraşdırılmış" opsiyon – başqa cür tərcümə edə bilmədim)

Məhz bu istiqrazın "super gücü"dür.

Convertible Bond aldığınız zaman siz eyni anda həm qoruyucu alətə (istiqraza), həm də pulsuz "lotereya bileti"nə (səhmləri almaq hüququ verən optiona) sahib olursunuz.

Əgər şirkətin işi uğurlu getsə və səhmləri sürətlə bahalaşsa (bizim yuxarıdaki misalımızda 70 AZN-ə qədər), bu opsiyonu istifadə edərək, əlavə gəlir qazanmış oluruq.

İndi qayıdaq bizim arbitraj əməliyyatının məntiqinə: mövqe necə qurulur? ♟️

Hedc fond bazarın istiqrazın daxilindəki həmin "lotereya biletini" (Embedded Option) düzgün qiymətləndirmədiyi vəziyyətləri axtarır.

Belə fürsət tapıldıqdan sonra fond iki istiqamətli mövqe qurur:

• Convertible Bond alır (long – uzun mövqe açır);

• həmin şirkətin adi səhmlərini short satır (müəyyən bir nisbətdə - bizim yuxarıdaki misalda istiqraz 20 səhmə dəyişmə imkanı verirsə, fond təxmini onun 50% qədər, yəni 10 ədəd səhmi satır).

İndi isə bu konstruksiyanın üç fərqli ssenaridə necə işlədiyinə baxaq.

Ssenari A. Şirkətin səhmləri kosmosa yüksəlir 🚀

Sizin short mövqeyiniz böyük zərər göstərməyə başlayır.

Amma bunun artıq əhəmiyyəti yoxdur.

Çünki istiqrazın daxilindəki Embedded Option-un dəyəri çox daha sürətlə artır (çünki 10 ədəd səhm satmısız, ancaq 20 ədəd səhm ala bilirsiniz).

Nəticədə Convertible Bond-un qiyməti short mövqeyindəki zərərdən daha sürətlə bahalaşır.

Ssenari B. Şirkətin səhmləri sərbəst enişə keçir 📉

Bu dəfə short mövqeyi qəşəng qazanc gətirir. Siz qiymətin hər sent enməsindən pul qazanırsınız.

Bu halda İstiqraz da ucuzlaşa bilər, lakin səhm kimi volatil olmur. Çünki şirkət hələ də əsas borcu və faizləri ödəməyə borcludur. Şirkət tamamilə müflis olmasa, Siz qazançda olursuz.

Beləliklə, səhmlər üzrə short mövqeyindən əldə olunan gəlir istiqrazdakı nəzarət olunan itkini tam şəkildə kompensasiya edir. Və siz yenə də mənfəətdə qalırsınız.

Ssenari C. Səhmlər yerində sayır ☕

Bazar sakitdir. Heç nə baş vermir.

Belə vəziyyətdə hedc fond böyük gəlir əldə etməsə də hər altı aydan bir istiqraz üzrə kupon ödənişlərini alır.

Tələ nə vaxt bağlanır: strategiyanın gizli riskləri ⚠️

Əgər hər şey bu qədər mükəmməldirsə, niyə bütün fondlar artıq trilyonçu olmayıblar?

Çünki bu medalın çox təhlükəli ikinci tərəfi də var.

Convertible Arbitrage maliyyə tarixində dəfələrlə iri fondların məhvinə səbəb olmuş tələləri özündə gizlədir.

Kredit riski (ani iflas riski) 💥

Yuxarıda bu məsələyə toxunduq - Əgər şirkətin səhmləri sadəcə ucuzlaşmasa, həm də fırıldaqçı çıxsa (məsələn, Wirecard hadisəsində olduğu kimi) və bir gün ərzində iflas etsə, nə baş verəcək?

Bu halda İstiqraz dəyəri sıfıra çevrilir.

Bəli, short mövqeyi qazanc gətirəcək. Lakin bu qazanc istiqrazın tam dəyərsizləşməsini kompensasiya etməyəcək və Fond fəlakətli zərərə məruz qalacaq.

2. Likvidlik riski 🌊

Səhmləri satmaq asandır. Onlar hər saniyə birjada alınıb-satılır. Convertible Bond-lar isə çox vaxt kiçik həcmdə buraxılır və əsasən iri banklar arasında birbaşa əməliyyatlarla dövriyyədə olur.

Əgər likvid vəsait lazım olsa, o, səhmlər üzrə short mövqeyini rahat bağlaya biləcək lakin istiqrazları hətta böyük endirimlə belə almaq istəyən tapılmaya bilər.

Beləliklə fond bu mövqedə ilişib qalacaq.

3. Tənzimləyicilərin zərbəsi (2008-ci il nümunəsi) 🏛️

2008-ci il maliyyə böhranının ən gərgin dövründə ABŞ və Avropa tənzimləyiciləri bank sistemini qorumaq üçün fövqəladə qərar qəbul etdilər.

Onlar maliyyə şirkətlərinin səhmləri üzrə short selling əməliyyatlarını müvəqqəti qadağan etdilər. Convertible Arbitrage fondları üçün bu qərar ölüm hökmü oldu.

Onların əməliyyatının "bir ayağı" kəsildi.

Fondların əlində milyardlarla dollar dəyərində ucuzlaşan istiqrazlar qaldı, lakin artıq onlar səhmlər üzrə short mövqeyi ilə özlərini qoruya bilmirdilər.

Bu tənzimləyici fırtına cəmi bir neçə həftə ərzində onlarla uğurlu fondu məhv etdi.

Nəticə 📌

Convertible Arbitrage maliyyə mühəndisliyinin ən yüksək səviyyələrindən biridir.

Bu strategiya bazarda gələcək haqqında proqnoz vermədən gəlir əldə etmək imkanı yaradır. Bunun üçün düzgün qurulmuş portfel, dəqiq riyazi hesablamalar və yüksək volatillik kifayətdir.

Növbəti məqalədə daha bir arbitraj - Fixed Income Arbitrage strategiyasını araşdıracağıq.

Hedc fondların dövlət istiqrazlarının cüzi qiymət dəyişmələrini necə milyardlarla dollarlıq gəlirə çevirdiyini və məhz bu strategiyanın vaxtilə qlobal maliyyə sistemini necə az qala çökdürdüyünü öyrənəcəyik.