Hedc Fondlar Ensiklopediyası. Məqalə 3: "Fixed Income Arbitrage" və ya darıxdırıcı bazardan milyardlar qazanmaq və az qala dünyanı çökdürmək
Bir çox saytlar süni intellekt ətrafındakı hay-küy sayəsində bir gün ərzində 50% bahalaşa bilən texnologiya startap xəbərləri ilə doludur. Ancaq investorlar üçün planetdəki ən darıxdırıcı maliyyə aləti olan dövlət istiqrazların bazar həcmi səhm bazarından dəfələrcə böyükdür. Bunlar ağır hərəkət edən alətlərdir və onların qiyməti faizlərin cüzi hissələri qədər dəyişir. Onları qiymət hərəkətlərini izləmək divardakı boyanın qurumasına baxmaq qədər "maraqlıdır".
İndi isə gözlənilməz bir fakt. Məhz bu inanılmaz dərəcədə darıxdırıcı bazarda maliyyə tarixinin ən dramatik hadisələri baş verib. Məhz burada dahi riyaziyyatçılar və Nobel mükafatı laureatları imperiyalar qurur, dünyanın ən böyük banklarından borc aldıqları yüz milyardlarla dolları idarə edir, sonra isə... cəmi bir neçə gün ərzində səs-küylə müflis olurdular və bütün dünya iqtisadiyyatını fəlakət həddinə gətirib çıxarırdılar.
Fixed Income Arbitrage dünyasına xoş gəlmisiniz.
1-ci hissə. Darıxdırıcılığın anatomiyası: Yield Curve və Basis Point 📈
İlk öncə bu bazarın üzərində qurulduğu iki əsas anlayışı öyrənməliyik.
1. Yield Curve (Gəlirlilik əyrisi)
Dövlət borc götürərkən müxtəlif müddətlər üçün müxtəlif faiz ödəyir.
Məntiqlidir ki, 30 il müddətinə borc vermək, 3 aylıq borc verməkdən daha risklidir. Buna görə də uzunmüddətli istiqrazlar adətən daha yüksək gəlirlilik təqdim edir.
Əgər bunu qrafikdə təsvir etsək, yuxarı istiqamətlənən hamar bir xətt alınacaq. Buna Yield Curve deyilir.

2. Basis Point (bps - "bips")
İstiqraz bazarında heç kim qiymətin bir və ya iki dollar dəyişməsindən danışmır.
Peşəkarlar treyderlər Basis Point ilə düşünürlər.
1 Basis Point = faizin yüzdə bir hissəsi (0,01%).
Əgər istiqrazın gəlirliliyi 4,00%-dən 4,05%-ə yüksəlibsə, bu o deməkdir ki, gəlirlilik 5 basis point artıb.
Fixed Income Arbitrage məhz bu kiçik fərqlərin ovudur.
2-ci hissə. Əməliyyatın məntiqi: "Əkizlər" oyunu və "dəli" leverage ⚖️
Fixed Income Arbitrage strategiyasının biznes məntiqi demək olar ki, eyni xüsusiyyətlərə malik iki istiqraz arasında yaranan müvəqqəti qiymət anomaliyalarının axtarılmasına əsaslanır.
Ən klassik və ən məşhur strategiyanı təsəvvür edin:
İstiqrazın ən son buraxılışı On-the-Run adlanır. Misal üçün Maliyyə Nazirliyi periodik olaraq 2 illik və 1 illik istiqrazlar buraxır. Bu istiqrazlar son dərəcə populyardır. Onları iri banklar, investisiya fondları və xarici dövlətlər fəal şəkildə alıb-satırlar. Məhz buna görə yüksək tələbat nəticəsində yeni istiqraz bir qədər baha qiymətə satılır.
Fərz edək ki bir il sonra Maliyyə Nazirliyi növbəti emissiyanı (2 illik, 1 illik) həyata keçirir. Ancaq 1 il əvvəl buraxılan 2 illik istiqrazın müddətinə artıq 1 il qalır. Əslində yeni buraxılan bir illik istiqrazla heç bir fərq yoxdur, ancaq bu köhnə buraxılış köhnəlmiş hesab olunur və onlara "Off-the-Run" deyilir. Ona maraq azalır, likvidlik aşağı düşür və nəticədə həmin istiqraz yeni buraxılışla müqayisədə kiçik endirimlə ticarət olunmağa başlayır. Halbuki etibarlılıq və ödəniş baxımından bu iki istiqraz demək olar ki, eyni "əkizlərdir".
Lakin köhnə istiqraz, məsələn, yenisindən 4 basis point (0,04%) daha yüksək gəlirlilik təqdim edir.
Belə vəziyyətdə hedc fond nə edir?
• Daha ucuz olan "köhnə" istiqrazı alır.
• Daha baha qiymətə satılan "yeni" istiqrazı short satır.
Portfel meneceri bilir ki, gec-tez bu kiçik qiymət fərqi yox olacaq.
İki istiqrazın qiyməti yenidən yaxınlaşacaq və fond mənfəətini qeydə alacaq.
İndi sizdə belə bir sual yaranır:
"0,04% fərqdən necə pul qazanmaq olar? Axı bu, qəpik-quruşdur!"
Məhz burada Fixed Income Arbitrage strategiyasının əsas sirri ortaya çıxır.
ABŞ hökumətinin defolt etmə ehtimalı demək olar ki, sıfıra bərabər olduğuna görə banklar bu istiqrazları girov qəbul edərək hedc fondlara astronomik məbləğlərdə kredit verməyə hazır olurlar.
Əgər səhm arbitrajında 20:1 leverage artıq yüksək hesab olunursa, Fixed Income Arbitrage strategiyasında 50:1, 100:1 və hətta daha yüksək leverage tamamilə normal sayılır.
Cəmi 10 milyon dollar öz kapitalına malik fond banklardan əlavə 990 milyon dollar borc götürərək ümumi 1 milyard dollarlıq mövqe aça bilir.
İndi isə milyard dollar üzərində əldə olunan cəmi 0,04% gəlir artıq 400 000 dollar təşkil edir.
Fond üçün isə bu, bazarın demək olar ki, hiss olunmayan səs-küyündən öz kapitalı üzərində ani 4% gəlirlilik deməkdir. Allah bərəkət versin.
3-cü hissə. Real nümunə: "Dahilər" Wall Street-i necə az qala partlatdılar 💣📉
Fixed Income Arbitrage strategiyasının ən parlaq və eyni zamanda ən qorxulu nümunəsi 1990-cı illərin sonlarında baş verdi.
Wall Street-in bir qrup dahi treyderi Nobel İqtisadiyyat Mükafatı almış professorlarla birləşərək super fond yaratdı. Onlar kompüter modellərinin qüsursuz olduğuna tam əmin idilər. Modelləri göstərirdi ki, Avropa ölkələrinin və ABŞ-ın istiqrazları arasındakı spread (gəlirlilik fərqi) həmişə öz orta səviyyəsinə qayıdır.
Sadə dillə desək, əgər İtaliya istiqrazları hansısa səbəbdən Almaniya istiqrazlarından xeyli yüksək gəlirlilik verməyə başlayırdısa, onda İtaliya istiqrazlarını almaq, Almaniya istiqrazlarını short satmaq və mənfəəti gözləmək lazım idi.
Fond cəmi 4,7 milyard dollar öz kapitalından istifadə edərək 125 milyard dollarlıq mövqelər formalaşdırdı.
Onların bütün portfel üzrə leverage göstəricisi 25:1-dən çox idi, ayrı-ayrı istiqraz əməliyyatlarında isə bu göstərici tamamilə ağlasığmaz səviyyələrə çatırdı.
Onlar hər gün milyonlarla "beş sentlik sikkə" toplayırdılar.
İlk bir neçə il ərzində fond investorlara fantastik gəlir qazandırdı və "batmaz" fond reputasiyasını tam şəkildə doğrultdu.
4-cü hissə. Riyaziyyatın böyük süqutu ⚠️🌍
Lakin 1998-ci ilin avqustunda Nobel laureatlarının öz modellərində "milyard ildə bir dəfə baş verə biləcək hadisə" (Nassim Talebin sözü ilə - "Black Swan") kimi qiymətləndirdikləri hadisə baş verdi.
Uzaq Rusiyada iqtisadi böhran yaşandı və hökumət daxili dövlət borcları üzrə defolt elan etdi. Qlobal maliyyə bazarı üçün bu, əsl şok oldu. Bütün dünyada investorlar kütləvi panikaya düşdülər.
Belə anlarda insanın ən əsas instinkti — sağ qalmaq instinkti işə düşür və bütün riyazi modellər zibil qutusuna atılır.
Maliyyəçilərin Flight to Quality adlandırdığı proses başladı — yəni "keyfiyyətə qaçış".
İnvestorlar demək olar ki, bütün istiqrazlardan (İtaliya, Yaponiya və hətta ABŞ-ın köhnə buraxılışlarından) xilas olmağa çalışır, yalnız bir aləti almağa başlayırdılar — ən likvid, ən yeni ABŞ dövlət istiqrazlarını (On-the-Run).
Nəticədə bütün riyazi modellərə görə daralmalı olan qiymət fərqi əksinə sürətlə və fəlakətli şəkildə genişlənməyə başladı.
Hedc fond hər iki tərəfdən zərər görürdü. Onların aldıqları istiqrazlar sürətlə ucuzlaşırdı. Short satdıqları istiqrazlar isə inanılmaz sürətlə bahalaşırdı.
Nəhəng leverage səbəbindən istiqraz qiymətlərinin cəmi 1% dəyişməsi fondun bütün öz kapitalının silinməsi demək idi.
Cəmi bir neçə həftə ərzində fond demək olar ki, bütün vəsaitini - 4,6 milyard dollar itirdi.
Fond o qədər böyük idi və Wall Street-in ən iri banklarına o qədər böyük məbləğdə borcu var idi ki, onun iflası domino effekti yaradaraq bütün dünya bank sistemini öz ardınca apara bilərdi.
Nəticədə ABŞ Federal Reserve System təcili şəkildə vəziyyətə müdaxilə etmək məcburiyyətində qaldı.
Federal Reserve sözün əsl mənasında Wall Street-in ən böyük banklarının rəhbərlərini bir otağa topladı və onları apokalipsisin qarşısının alınması üçün pul ayırmağa məcbur etdi.
Nəticə 📌
Fixed Income Arbitrage bir daha sübut edir ki, maliyyə bazarlarında tam təhlükəsiz yer mövcud deyil.
Dünyanın ən etibarlı maliyyə alətləri ilə işləyərkən belə, əgər tamah gözləri kor edərsə, yalnız riyazi modellərə və "inanılmaz gəlirlilik vəd edən ekspertlərə" kor-koranə inanırsınızsa və portfelinizi həddindən artıq borc vəsaiti ilə yükləyirsinizsə, hər şeyi itirmək mümkündür.
Bu strategiya bazarlar sakit olduğu müddətdə qüsursuz işləyir. Lakin bazardan likvidlik yoxa çıxan kimi ölümcül tələyə çevrilir.