Hedc Fondlar Ensiklopediyası. Məqalə 5: Long/Short Equity — Hedc fond strategiyaların kralı

Hedc Fondlar Ensiklopediyası. Məqalə 5: Long/Short Equity — Hedc fond strategiyaların kralı
Photo by Markus Winkler / Unsplash

Düşünürük ki artıq hedc fond aləmində ən çox istifadə edilən strategiya növü haqqında danışmağın vaxtı çatdı. Əgər bütün hedc fond sənayesinin əsasını təşkil edən yalnız bir strategiyanı seçmək təklif olunsaydı, bu, şübhəsiz Long/Short Equity (Səhmlər üzrə Long/Short mövqeləri) olardı. İdarə olunan aktivlərin təxminən 30–35%-i məhz bu strategiyanın payına düşür.

Bu konsepsiya niyə sənayenin dominant strategiyasına çevrildi?

Çünki o, investorlara maliyyənin ən böyük arzusunu — güclü şirkətlərin yüksəlişindən qazanc əldə etməklə yanaşı, qlobal bazar çöküşlərindən eyni vaxtda qorunmaq imkanını təqdim edir.

1-ci hissə. “Beta” necə aradan qaldırılır: Riyaziyyat sadə dillə 📊

Klassik Long/Short portfelinin əsas məqsədi Beta ($\beta$) göstəricisini neytrallaşdırmaq, yəni portfelin bazarın ümumi hərəkətindən tam və ya qismən asılılığını aradan qaldırmaqdır (“Beta” göstəricisi haqqında biz bu silsilənin 1-ci məqaləsində detallı yazmışdıq)

Gəlin bunun praktikada necə işlədiyini sadə rəqəmlərlə göstərən nümunəyə baxaq.

Addım 1. Portfeli formalaşdırırıq

Təsəvvür edin ki, yarımkeçirici (semiconductors) sektorunda fəaliyyət göstərən iki nəhəng şirkət var.

  • Şirkət A (Güclü): Əla gəlirlər, mükəmməl balans, texnologiya lideri.
  • Şirkət B (Zəif): Böyük borclar, azalan satışlar və köhnəlmiş məhsullar.

Birinci səhminin S&P 500 indeksinə nisbətən Beta göstəricisi 1,5-dır, ikincisinin isə 1,0.

Bu o deməkdir ki, ortalama olaraq indeks 1% yüksəldikdə birinci səhm orta hesabla təxminən 1,5% ikincisi isə 1,0 bahalaşır.

Hedc fondun meneceri Market-Neutral (Betası “sıfır” olan portfel qurur).

  1. Şirkət A-nın səhmlərini 1 000 000 dollarlıq Long mövqeyi ilə alır.
  2. Şirkət B-nin səhmlərini 1 500 000 dollarlıq Short mövqeyi ilə satır.
  • Net Exposure (xalis risk):
    1 000 000 − 1 500 000 = -500 000 dollar (açıq qısa mövqe).
  • Portfelin ümumi Betası:
    (1,5× 1 milyon) − (1,0 × 1,5 milyon) = 0,0.

Beləliklə portfel bazarın istiqamətindən tamamilə asılılığını itirir.

İndi isə müxtəlif bazar ssenarilərinə baxaq.

Ssenari 1. Buğa bazarı (Qlobal yüksəliş +20%) 🐂

S&P 500 indeksi yüksəlir.

  • Long (Şirkət A):
    Adətən güclü fundamental göstəricilər sayəsində yaxşı şirkətlər səhm bazarı üstələyərik. Misal üçün 30% artır.

Mənfəət:
+300 000 dollar.

  • Short (Şirkət B):
    Zəif biznes olsa da, ümumi bazar trendi ilə birlikdə cəmi 15 % bahalaşır.

Short mövqeyi üzrə zərər:
−225 000 dollar.

Yekun nəticə

+300 000 − 200 000 =
+75 000 dollar xalis mənfəət.


Ssenari 2. Bazar enişi🐻

Böhran başlayır və S&P 500 indeksi  aşağı düşür.

  • Long (Şirkət A):
    Güclü biznes zərbəyə davam gətirir və cəmi 10% ucuzlaşır.

Long üzrə zərər:
−100 000 dollar.

  • Short (Şirkət B):
    Zəif şirkət təzyiqə tab gətirə bilmir və daş kimi 35% aşağı düşür.

Short üzrə mənfəət:
+525 000 dollar.

Yekun nəticə

−100 000 + 525 000 =
+425 000 dollar xalis mənfəət.

Bunun sehri nədədir? ✨

Fond üçün bazarın hansı istiqamətdə hərəkət etməsinin heç bir əhəmiyyəti yoxdur — istər yüksəlsin, istərsə də düşsün.

Portfel Beta riskindən tam qorunub.

Bütün gəlirlilik yalnız Alpha hesabına formalaşır. Yəni əlavə gəlir menecerin sektor daxilində hansı şirkətin daha güclü, hansının isə daha zəif olacağını düzgün müəyyən etmək bacarığı sayəsində formalaşır.

2-ci hissə. Böyük zəfər: Tiger Management və Julian Robertson dövrü 🐅

Long/Short Equity strategiyasının nəhəng sərvət yarada biləcəyinin ən parlaq nümunəsi əfsanəvi treyder Julian Robertson ("1980–1990-cı illərin Wall Street canavarı") tərəfindən yaradılmış Tiger Management fondunun tarixidir.

Robertson fundamental analizi əlçatmaz səviyyəyə qaldırdı. Onun analitik komandası sözün əsl mənasında dünyanın müxtəlif şirkətlərini mikroskop altında araşdırırdı.

Onların məntiqi çox sadə idi:

"Ən yaxşılarını al, ən zəiflərini sat."

1980-ci ildə Robertson fəaliyyətə cəmi 8 milyon dollar başlanğıc kapital ilə başladı.

Növbəti 18 il ərzində onun Long/Short Equity strategiyası inanılmaz nəticələr göstərdi.

  • Fond yüksək komissiyalar çıxıldıqdan sonra orta hesabla ildə 31%-dən çox gəlirlilik əldə edirdi.
  • 1998-ci ilə qədər Tiger Management-in aktivləri 8 milyon dollardan 22 milyard dollara qədər artdı və Robertsonu dünyanın ən varlı və ən nüfuzlu investorlarından birinə çevirdi.

3-cü hissə. Strategiya nə vaxt sıradan çıxır: "Pələng"in dramatik süqutu 📉🐅

Lakin Long/Short Equity strategiyasının da digər tərəfi var.

Bu strategiyanın işləməsi üçün bazarın rasional hərəkət etməsi vacibdir.

Əgər bazar məntiqi pozularsa və fundamental analizin yerini kütləvi çılğınlıq tutarsa, Long/Short strategiyası sahibini qoruyan alət olmaq əvəzinə, onu məhv edən ikitərəfli silaha çevrilə bilər.

Maraqlıdır ki, belə bir vəziyyətin qurbanı çox dramatik şəkildə məhz Julian Robertson oldu.

Bu hadisə 1990-cı illərin sonunda, məşhur Dot-Com Bubble dövründə baş verdi.

Fəlakətin anatomiyası 💥

1998–1999-cu illərdə bazarı internet şirkətləri ətrafında görünməmiş eyforiya bürümüşdü.

Gəliri olmayan, zərər edən internet saytlarının səhmləri sadəcə adlarında ".com" olduğu üçün bir gün ərzində yüzlərlə faiz bahalaşırdı.

Fundamental analizin prinsipial tərəfdarı olan Robertson bu çılğınlığa qoşulmaqdan imtina etdi.

O, klassik Long/Short portfel qurdu.

  • Long mövqeyində o, "köhnə iqtisadiyyat" şirkətlərini aldı — fundamental baxımdan güclü, mənfəətli, lakin böyük endirimlə ticarət olunan aviaşirkətləri, avtomobil istehsalçılarını və kağız sənayesi şirkətlərini yığdı portfelə.
  • Short mövqeyində isə həddindən artıq baha qiymətləndirilmiş və zərər edən internet startaplarını satdı.

Elm və sağlam məntiq baxımından bu portfel demək olar ki, ideal idi.

Lakin praktikada tamamilə fərqli hadisələr baş verdi.

  1. İnternet şirkətlərinin səhmləri (Short mövqeləri) bütün məntiqə zidd olaraq yüksəlməyə davam etdi və Tiger Management üçün qısa satışlardan nəhəng zərərlər yaratdı.
  2. İnvestorlar klassik gəlirli şirkətlərin (Long mövqelərinin) səhmlərini kütləvi şəkildə sataraq bütün vəsaitlərini Dot-Com şirkətlərinə yönəltməyə başladılar. Nəticədə Robertsonun Long portfeli sürətlə ucuzlaşdı.

Beləliklə fond eyni anda həm Long, həm də Short mövqelərində zərər görməyə başladı.

Kağız üzərində Beta tam neytrallaşdırılmışdı. Lakin praktikada "growth" və "value" şirkətləri arasındakı fərq tarixdə görünməmiş səviyyəyə çatmışdı.

Fondun investorları panikaya düşərək vəsaitlərini kütləvi şəkildə geri çəkməyə başladılar.

Tiger Management-in aktivləri 22 milyard dollardan 6 milyard dollara qədər azaldı.

İrrasional bazarla mübarizədən yorulan Julian Robertson nəhayət 2000-ci ilin mart ayında fondunu rəsmi şəkildə bağladı və məğlubiyyətini qəbul etdi.

Tarixin ən acı ironiyası 😔

Dot-Com Bubble məhz Robertson portfelini tam bağladıqdan cəmi iki həftə sonra (!) çökməyə başladı.

Əgər onun 14 gün daha dözməyə kifayət qədər likvidliyi olsaydı, həmin strategiya ona maliyyə tarixinin ən böyük gəlirlərindən birini qazandıra bilərdi.

Və burda məşhur iqtisadçı və investor olan John Maynard Keynes-in sözü yada düşür:

"Markets can remain irrational longer than you can remain solvent"

"Bazar sizin ödəmə qabiliyyətinizi qoruyub saxlaya biləcəyiniz müddətdən daha uzun müddət qeyri-məntiqli qala bilər."