Sakit bazarlar üçün sadə opsiyon strategiyası - Covered Call

Sakit bazarlar üçün sadə opsiyon strategiyası - Covered Call
Photo by Guillaume LORAIN / Unsplash

Əminnəm ki, bu vəziyyət sizə tanış gəlir: portfeldə keyfiyyətli səhmlər var, amma bazarda elə bir ciddi “bum” yoxdur ki, qiymətlər uçsun. Nəticədə portfeliniz gah yuxarı dırmaşır, gah aşağı sürüşür. Hərəkət var, bərəkət yoxdur. 😕Pul qazandırmır, amma əsəbləri gözəlcə silkələyir. Bu halda səhmləri satmaq fikri gəlsə də, onların gələcək artış potensialını düşünərək, buna əliniz gəlmir(!)
Əlbəttə ki, investisiya “sehrbazları” sizin bu əzablarınızı sakitcə izləyə bilməz. Onlar da hər cür strategiya icad etməyə başlayır və sizi zəngin etməyə söz verirlər (amma əvvəlcə, təbii ki, özlərini).
Bugünkü postda isə sizi həmin strategiyalardan biri ilə tanış etmək istəyirik.

📈 Covered Call

Bu strategiya bir kompromisdir:

➡️ İndi sabit gəlir verir
⛔️ Ancaq gələcəkdə mümkün yüksək gəlir imkanlarını məhdudlaşdırır

🔍 Necə işləyir?

1️⃣ Artıq səhmlərə və ya ETF-ə sahibsiniz (və ya alırsız)

2️⃣ Bu səhmlərin üzərindən call opsionu satırsız – yəni gələcəkdə (ekspirasiya tarixi) müəyyən qiymətə (strike) satmağı öhdəlik kimi götürürsüz.

3️⃣ Opsionun premyasını dərhal alırsız – bu, alıcının ödədiyi məbləğdir.

4️⃣ Ekspirasiya günü iki variantdan biri baş verir:
• Əgər qiymət strike-dan aşağıdırsa → opsion “yanır”, premiyanı saxlayırsız, səhmlər sizdə qalır.
• Əgər qiymət strike-dan yuxarıdırsa → alıcı opsionu icra edir, səhmləri strike qiymətinə satırsız.

Bir az qarışıq oldu deyəsən. Sadə rəqəmsal misal ilə daha anlayışlı izah edək:

Təsəvvür edək ki:
• 100 səhm almısız, hər biri $100 → ümumi dəyər $10 000
• Üzərindən $110 strike qiyməti ilə Call satırıq
• Misal üçün premiya: $3 (ümumi $300)

Ekspirasiya günü iki ssenari mümkündür:

👉 Ssenari 1: Qiymət strike-dan aşağıdır
Məsələn, səhm $95 olur. (110dan aşağıdır)
Nəticə:
• Alıcı opsionu icra etmir – Səhmi sizdən almır, çünki bazarda daha ucuzdur.
• Opsion etibarsız olur.
• Premya $300 tamamilə sizdə qalır.
• Sizin portfelinizin dəyəri 9800 dollar olur. (95*100 səhm dəyəri + 300 dollar premiya).
Yekun: Baxmayaraq ki səhmin qiyməti düşdü, qazanılan premiya Sizə itkinin bir hissəsini əvəz etdi. Səhmlər sizdə qaldı və strategiyanı yenidən tətbiq edə bilərsiz. Strateqiyanı tətbiq etməsəydiniz, portfeliniz 9500$ olacaqdı.

👉 Ssenari 2: Qiymət strike-dan yuxarıdır
Tutaq ki, səhm $115 olur.
Nəticə:
• Alıcı opsionu icra edir. (Sizdən səhmləri 110 dollara alır)
• Siz 100 səhmi $110 qiymətinə satırsız.
• Gəlir: $11 000 (səhmlərin satışı) + $300 premya = $11 300
Bu halda:
• Xalis qazanc = $1 300
Amma vacib məqam:
Əgər Covered Call satmasaydınız portfelinizin qazancı $1 500 olardı.

Misallarda gördüyümüz kimi, bu strateqiya bir “seçim” məsələsidir.

📊 Bu strategiya hansı bazalarda daha yaxşı işləyir?

🔸 Hərəkətsiz bazar – qiymətlər çox dəyişmir.
🔸 Yavaş artan bazar – kəskin yüksəliş olmadan.
🔸 Volatillik yüksək olanda → premiyalar daha yüksək olur.

❗️ Mənfi cəhətlər və risklər

  • Məhdud qazanc
  • Covered Call strategiyasının ən böyük “psixoloji ağrısı”: səhm qiyməti kosmosa uçsa belə, sizin qazancınız Call-un strike səviyyəsində “kəsilir”.
  • Sığorta var, amma tam deyil
  • Aldığınız premium səhm düşəndə kiçik bir “yastıq” yaradır, amma böyük düşüşlərə qarşı sizi xilas etmir.
  • Vaxt və diqqət tələb edir
  • Opsionların hər ay (bəzən hətta hər həftə) yenilənməsi lazımdır.
  • Bahalı ola bilər
  • Volatilliyi aşağı olan “sakit” səhm üçün toplanan premium çox kiçik olur.

🏆 Covered Call istifadə edən ən məşhur ETF-lər

İndividual investor üçün bu strategiyanın tətbiqi çətin və bahalıdır. Ancaq bu strategiyaları istifadə edən bir çox ETF mövcuddur:
• JEPI (JPMorgan Equity Premium Income) – ən böyüyü, ~40+ milyard AUM
• QYLD – NASDAQ-100 üzərində covered call
• XYLD – S&P500 üzərində covered call
• RYLD – Russell 2000 üzərində covered call

Bu ETF-lər müntəzəm gəlir verir, amma güclü artış zamanı gəliri ciddi məhdudlaşdırır.

Yekun

Gördüyünüz kimi, bu strategiya hər zaman üçün və hamı üçün uyğun deyil. Ancaq bazarda qeyri müəyyənlik və hərəkətin istiqaməti bilinmədiyi dövrlərdə, əlavə qazanc üçün imkan yaradır.

Gününüz uğurlu keçsin 👍