Howard Marks: “Biz” və “Onlar” — iki fərqli investisiya fəlsəfəsi

Howard Marks: “Biz” və “Onlar” — iki fərqli investisiya fəlsəfəsi
Photo by Meg Jenson / Unsplash

İnvestisiya ilə maraqlananlar üçün çoxlu maraqlı mənbələr mövcuddur. Müxtəlif janrlarda kitablar, bədii və sənədli filmlər, məqalələr. Ancaq birini xüsusən vurğulamaq istərdim – “Səhmdarlara məktublar”.

Bizcə, məktubların üstünlüyü ordadır ki, investorlar orda attıqları real addımları, investisiya strategiyaları və hətta həyat fəlsəfələrini açıq şəkildə təhlil və izah edirlər.

Bu gün Sizə tanınmış investor, Oaktree Capital şirkətinin qurucusu olan, Howard Marks-ın 2004-cü ildə yazdığı məktubun xülasəsini təqdim etmək istərdim. Maraqlananlar şirkətin web səhifəsində digər məktubların orijinalları ilə tanış ola bilərlər.

Başlayaq.

📘 Məşhur “Us and Them” məktubunda (2004) Howard Marks investorları iki düşərgəyə bölür — “Biz” və “Onlar”.
Bu, sadəcə ifadə fərqi deyil, düşüncə tərzində, riskə münasibətdə və bazara baxışda dərin fərqlərin göstəricisidir.


🎯 “I know” və “I don’t know” məktəbləri

Marks investorları iki “məktəbə” ayırır:
• “I know” məktəbi — gələcəyi proqnozlaşdırmaq mümkündür deyənlər. Onlar inanır ki, iqtisadiyyatın, faiz dərəcələrinin və bazarın istiqamətini bilmək uğurun açarıdır.
• “I don’t know” məktəbi — gələcəyi bilmək mümkün deyil deyənlər. Onların məqsədi — gələcək barədə dəqiq məlumat olmadan da ağıllı qərarlar verməkdir.
Marks bu fikri Amos Tverskynin sözləri ilə gücləndirir:

“Nəyisə bilmədiyini düşünmək qorxuludur, amma daha qorxulusu odur ki, dünyanı hər şeyi bildiyinə inanan insanlar idarə edir.”

(Əminəm ki ətrafınızda da “mən hər şeyi bilirəm” qrupundan çoxlu “biznesin dahiləri” var)


🎲 Nassim Taleb sitatı

Marks “Fooled by Randomness” kitabından bu cədvəli gətirir və insanların çox vaxt təsadüfü bacarıqla səhv saldığını vurğulayır 👇

Reallıqda olan ———> Bizə təqdim edilən

Bəxt ———> Bacarıq
Təsadüf ———> Həyat Qanunu
Ehtimal ———> Əminlik
Fərziyyə ———> Qətiyyət
Nəzəriyyə ———> Reallıq
Bəxti gətirən axmaq ———> Bacarıqlı investor

Marks deyir ki, bəzi insanlar yalnız sol sütunu görür, bəziləri isə sağ sütunu — amma çox az adam hər ikisini eyni anda müqayisə edir.


⚖️ İki fəlsəfə — iki dünya

“Onlar” — gələcəyi bildiyinə inanan, aqressiv və optimist investorlardır.
“Biz” — ehtiyatlı, uzunmüddətli düşünən və əsas məqsədi kapitalın qorunması olanlardır.
“Onlar” fürsətlər axtarır, “Biz” riskləri görürük.
“Onlar” hücumda oynayır, “Biz” müdafiəni qururuq.
“Onlar” üçün əsas qorxu — itirilmiş fürsətlər, “Biz” üçün isə — kapital itkisi.


🧩 Dəyər investoru yanaşması

Marks nümunə kimi bir investoru təsvir edir:
• Heç vaxt makroiqtisadi proqnozlara əsaslanmır;
• Dəyəri — real gəlir, unikal bazar mövqeyi və ya idarəetmə keyfiyyəti ilə ölçür;
• Daima "margin of safety" (təhlükəsizlik marjası) axtarır;
• Bazarda az fürsət olanda, səbr edir və likvid qalmaqdan çəkinmir;
• Və ən əsası — dəb dalınca qaçmır.

Bu prinsiplərin müəllimi, təbii ki, Warren Buffettdir — “I don’t know” məktəbinin canlı siması.

Disiplin, skeptisizm və səbr — onun fəlsəfəsinin əsas dayaqlarıdır.


💡 Nəticə

Howard Marks məktubunu bu fikirlə tamamlayır:

“Ən yaxşı investisiya fürsətləri şirkətlər tərəfindən deyil, digər investorların səhvləri nəticəsində yaranır.”

Buna görə də, “Biz” və “Onlar”ın fərqli olması vacibdir — çünki əgər hamı eyni cür düşünsəydi, artıq yeni investisiya imkanları üzə çıxmazdı.