Riyaziyyat kafedrasından ən gəlirli fond idarəçiliyinə.
Maliyyə hesabatlarını anlamayan, DCF modelləri hazırlamayan, şirkət rəhbərliyi ilə görüşməyən və iqtisadiyyatın “hara gedəcəyini” təxmin etməyə çalışmayan bir investoru təsəvvür edin. Amma buna baxmayaraq, bu investor on illər ərzində orta hesabla ildə təxminən 66% gəlir əldə edib.
Bu insanın adı Jim Simons-dur.
📐 Riyaziyyatçı, Wall Street-ə yad olan adam
Simons maliyyəçi deyildi, o, elmlə məşğul olan riyaziyyatçı idi. Hələ 23 yaşında PhD dərəcəsini aldı. Soyuq müharibə dövründə kriptoanalitik kimi işləyirdi (kriptovalyuta ilə qarışdırmayın). Amma Vyetnam müharibəsini tənqid etdiyinə görə işdən çıxarıldı.
O, müasir riyaziyyatın fundamental işlərindən biri olan Çerna—Simons nəzəriyyəsinin müəlliflərindən biri oldu.
30 yaşında isə Stony Brook Universitetinin Riyaziyyat fakültəsinə rəhbərlik etdi.
Simons həmişə zəngin olmağı istəyirdi və nəticədə maliyyə bazarları ilə tanış olur.
Ancaq “Hansı şirkət az qiymətləndirilib?”, “İqtisadiyyatda nə olacaq?”, “Bazar haraya gedəcək?” kimi suallar onu ümumiyyətlə maraqlandırmırdı.
O başqa suala cavab axtarırdı:
«Bazar qiymətlərində insanların görmədiyi ancaq kompüterin müəyyən edə biləcəyi, təkrarlanan statistik qanuna uyğunluqlar varmı?»
1980-ci illərin sonunda Simons Renaissance Technologies şirkətini və onun əsas məhsulu olan Medallion fondunu yaratdı.
Simons əvvəlcə qrafiklərin texniki analizindən başladı. Amma çox tez anladı ki, bu falçılıqdır və doğru yol deyil.
Daha sonra statistik metodlardan istifadə edərək böyük məlumat dəstlərindən siqnallar çıxarmağa çalışdı.
Təbii ki zamanla strategiyalar köhnəlirdilər və siqnal yox olanda, onu kədərlənmədən çıxararaq yeni modellər gəliştirirdi.
Nəticədə fond minlərlə əməliyyat həyata keçirir, mövqeləri dəqiqələrdən günlərə qədər saxlayır və emosiyaları tamamilə kənarda qoyur.
Əlbəttə, bu böyük məlumat bazası olmadan mümkün olmazdı.
Renaissance Technologies ölçülə bilən hər şeyi toplamağa çalışırdı: bazar məlumatları, bazarlar arasındakı əlaqələr və hətta hava məlumatları kimi qeyri-adi məlumatlar da daxil idi.
Nəticədə fond komissiyalardan əvvəl ildə təxminən 66% qazanc əldə edirdi.
Fond o qədər uğurlu oldu ki, yeni investorlar üçün bağlandı və yalnız şirkət əməkdaşları qaldı.
Bildiyiniz kimi məşhur Warren Buffett və Charlie Munger həyat boyu bazar proqnozlarına və mürəkkəb modellərə skeptik yanaşıblar. Amma onlar üçün Simons istisna idi.
Çıxışların birində Buffett onu açıq şəkildə öz dövrünün ən böyük investoru adlandırmışdı.
Amma bütün bunlara baxmayaraq, Jim Simons motivasiya kitablarının romantik qəhrəmanı deyil 😈.
Vergilərdən yayınmaq üçün Renaissance uzun illər mürəkkəb hüquqi quruluşdan istifadə edərək, qısa müddətli ticarət gəlirlərini uzun müddətli gəlir kimi göstərməyə çalışdı. Rəsmi olaraq hər şey qanun çərçivəsində görünsə də, əslində boşluqlardan istifadə edirdilər. Şirkət bunu qəbul etməsə də, məsələni uzadmadan razılaşma ilə həll etdi. Nəticədə Renaissance milyardlarla dollar əlavə ödəniş və cərimə ödəyib.
Jim həmçinin işçilərini çox sərt nəzarət edirdi. Hər kəsi sərt şərtləri imzalamağa məcbur edirdi və şirkət sirlərini açıqlayanda məhkəməyə verməklə hədələyirdi.
⚖️ İkili nəticə
Onun metodlarının ədalətli olub-olmaması barədə mübahisə etmək olar. Kimsə onu tənqid edir. Müdafiə edənlər də çoxdur. Amma bir fakt ortadadır:
Sərt metodlar və vergi skandalları nəzərə alınsa da, Simons bazar qarşısında intellektual miqyası ilə müzakirəsiz bir fiqur olaraq qalacaq.