İstiqraz Bazarının Kralı

İstiqraz Bazarının Kralı
Photo by Markus Spiske / Unsplash

Ani zərbə. Metalın cırıltı səsləri. Və hər şeyin bitə biləcəyi o səssiz pauza. 💥

Bu günkü yazımızın qəhrəmanı - Bill Gross - tələbəlik illərində çox ağır avtomobil qəzasına düşür. Uzun bərpa dövrü, xəstəxana otağı və məcburi hərəkətsizlik. Məhz orada onun əlinə həyatını dəyişəcək kitab keçir: Beat the Dealer, müəllifi də məşhur Edward Thorp 📖

Gross bu kitabın əsas prinsipini anladı: "əgər ehtimal sənin tərəfindədirsə və sən intizamlısansa, uzun müddətdə nəticə proqnozlaşdırılandır."

Bərpa olunduqdan sonra o, dərhal Las Veqasa gedir 🎲
Amma oyunçu kimi yox — analitik kimi. Kartları sayır, mərc məbləğlərini idarə edir— və qazanır. Əlindəki 100 dolları, 10 000 dollara çatdırır. Bu, onun ilk “alpha”sı idi.

Sonra Bill Vyetnam müharibəsi dövründə ABŞ ordusunda xidmət edir 🎖️Gross ön cəbhədə döyüşmür, amma qeyri-müəyyənlik şəraitində qərarların verildiyi bir mühitə düşür. Səhvin qiyməti yüksəkdir. Ordu onun əsas stilini formalaşdırır: intizam, soyuq hesab və sistemli yanaşma.

Maraqlıdır ki, bir çox həmkarlar Bill Gross-da Asperger sindromuna bənzər xüsusiyyətlər görürdü. Bilməyənlər üçün bu sindrom insanda hiperfokus, birbaşa ünsiyyətdən qaçma və rəqəmlərə obsesiya yaradır.

Bənzər xüsusiyyətlər Michael Burry (big short filminin məşhur investor qəhrəmanı) və Elon Musk-da da var. Daha az emosiyalar, kütlə instinktinin olmaması və soyuqqanlılıq 🧠 Adi həyatda bunlar insanlarla ünsiyyətdə çətinlik yaradsa da, investisiyada — üstünlükdür:

1974-cü ildə Gross PIMCO şirkətinin həmtəsisçisi olur. Fond istiqrazlara investisiya edirdi. O dövrdə bu, ən sadə, aşağı riskli və “sıxıcı” alət hesab olunurdu.

Və məhz burada Gross öz əsas eksperimentinə başlayır. O, istiqrazları aktiv strategiyaya çevirir:

  • “Dürasiyanı“ (Duration – “istiqrazın nağd axınlarının müddətlərinin ağırlıqlı ortalaması” – üzürlü sayın, başqa cür izahlı tərcümə edə bilmədim)  idarə edir
  • Faiz dərəcələri və “Gəlirlilik əğrisi” üzərində oynayır
  • Makroiqtisadiyyatı analiz edir

Onun əsas proqnozu — 1980-ci illərdən başlayaraq faiz dərəcələrinin uzunmüddətli enişidir 📉 Bu, maliyyə tarixində ən güclü trendlərdən biri idi.

Gross bunun üzərində sistem qurdu və onun fondu dünyanın ən böyüyünə çevrildi. Bill Gross onilliklər boyu bazarın nəticələrini qabaqladı. Onun orta illik gəlirliliyi— təxminən 7.8% 🔥Və bu səhmlərlə yox, “sıxıcı” istiqrazlar üzərində əldə edildi!

Amma təbii ki vacib nüansı unutmamalıyıq:

💡
👉 o, düzgün zamanda düzgün yerdə idi

Bu göstəricilərə görə onu “İstiqrazların Kralı” adlandırmışdılar.

Ancaq “düzgün” zaman dəyişməyə başladı və kralın taxtı sallanmağa başladı.

2011-ci ildə Gross ABŞ dövlət istiqrazlarına qarşı mövqe aldı, faizlərin artacağını gözləyərək. Amma əksinə oldu — faizlər düşməyə davam etdi. Bu isə ona həm gəlir, həm də reputasiya baxımından zərər vurdu. Onun əsas üstünlüyü — trendi anlamaq — artıq əvvəlki kimi işləmirdi. Çünki yeni dövrdə faizlər artıq sıfıra yaxın idi.

2014-cü ildə PIMCO ilə qalmaqallı ayrılıq baş verdi ⚔️ Səbəbi isə komanda daxili konfliktlər və Bill Grossun çətin xarakteri. Bir müddət sonra o Janus Capital Group-a keçir (sonradan Janus Henderson), amma əvvəlki uğuru təkrarlaya bilmir. İnvestisiya mühiti artıq dəyişmişdi.

2019-cu ildə Bill Gross karyerasını başa vurmağa qərar verir ancaq onun mirası əvəzedilməzdir. Gross istiqrazların aktiv bazarını yarada bildi və investorlarla onlardan pul qazanmağı öyrətdi.

Gross “Everything You’ve Heard About Investing Is Wrong!” kitabının müəllifidir. Onun hekayəsi sadəcə uğur hekayəsi deyil - təsadüfi hadisənin həyatı dəyişməsi haqqında, intizamın istedaddan daha vacib olması haqqında və bazarda üstünlüyün necə yaradılıb itirilməsi haqqındadır.

Əsas nəticə isə dəyişmir:

💡
👉 Riyazi üstünlük hər şeyi həll edir. Amma o, heç vaxt əbədi olmur.