Rekordçu fərdi investor.

Rekordçu fərdi investor.
Photo by Hunters Race / Unsplash

Bu günkü postun qəhrəmanı professional fond meneceri deyil. Ancaq onlar kimi investisiya bazarına professional yanaşan və daima öz işini təkmilləşdirən fərdi investordur. Buyurun:

📈 Dan Zanger

1️⃣ Bioqrafiya

Dan Zanger — amerikalı self-made treyderdir. Sadə ailədə doğulub, gəncliyində fəhlə işlərində çalışıb, hovuz qazmaqla məşğul olub. Onun nə böyük kapitalı, nə də Wall Street ilə əlaqələri var idi, amma bazarları öyrənmək üçün böyük həvəsi vardı.

2️⃣ İnvestisiyaya gəlişi

Tikinti işlərində çalışarkən Zanger birja ilə maraqlanmağa başladı. İlk əməliyyatları kiçik və çox vaxt zərərli idi. Əsas dönüş nöqtəsi isə bazarda uğurun yalnız şansa bağlı olmadığını, intizam və sistemli yanaşma tələb etdiyini dərk edəndə oldu.

3️⃣ Rekord gəlirlilik

Öz avtomobilini sataraq cəmi 11 000 dolları bir il altı ay ərzində 18 milyon dollardan çox vəsaitə çevirdi. Bu nəticə 90-cı illərin dot-com bumu zamanı rəsmi şəkildə dünya rekordu kimi qeydə alınıb.

4️⃣ Bazarın dərindən öyrənilməsi

Təbii ki bu nəticə göydən düşmədi. O, demək olar ki, qrafiklərdə yaşayırdı: hər bir boşluğu, hər bir pattern-i saatlarla araşdırırdı. Onlarla treydinq kitabı oxuyub, aparıcı investorların fəaliyyətini təhlil edib, öz müşahidələrini sistemləşdirib. Zanger bəzən bir səhmə həftələrlə nəzarət edir, düzgün anı gözləyirdi.

5️⃣ Metodologiyası

Və təbii ki bizə onun yanaşması maraqlıdır. O texniki analiz və fundamental analizi birləşdırərək öz unikal strategiyasını qurub.

• Fundamental tərəfdən şirkətlərin mənfəət artımı, sektor liderliyi və tələbi artıran amillərə diqqət yetirirdi. Və bu şirkətləri müşahidə edirdi.

• Sonra isə seçilmiş şirkətlərdə texniki tərəfdə “cup with handle”, “flag”, “breakout” kimi qrafik fiqurlarını müəyyən edərək, alış qərarını verirdi.

Əlavə olaraq, Zanger çox vaxt leverage (borc vəsaiti ilə ticarət) istifadə edirdi. Amma bununla yanaşı çox sərt risk menecment tətbiq edirdi: hər əməliyyatda zərəri minimumda saxlamaq üçün stop-loss qoyur, riskini heç vaxt nəzarətsiz buraxmırdı.

Əsas ideya: ən güclü səhmləri sürətli yüksəliş fazasında almaq və zəiflik əlamətləri göründükdə tez çıxmaq.


💡 Dan Zanger-in hekayəsi göstərir ki, intizam, dərin analiz və riskə ciddi yanaşma adi bir insanı fond bazarının əfsanəsinə çevirə bilər.

📜 Dan Zanger-dən sitatlar:

• “Riskini idarə et, yoxsa risk səni idarə edəcək.”

• “Qalibləri saxla, itkiləri tez kəs.”

• “Bazarda hər gün imkan var, amma sən hər gün ticarət etməli deyilsən.”