Birjanın kodunu çözən adam. Hissə 1. Blackjack.
Keçən əsrin 60-cı illərinin ortaları. ABŞ-da qumar biznesinin ən məşhur mərkəzlərindən biri olan Nevada ştatında yerləşən Reno şəhərciyi. Bu yer həm də boşanmalarla bağlı liberal qanunvericiliyi ilə tanınırdı — münasibətləri korlanan cütlüklər, bu xoşagəlməz prosesi mümkün qədər tez bitirmək üçün bura axışırdı. 🎰🏜
Çoxsaylı kazinolardan birinin “blackjack” masası arxasında, sadə gündəlik geyimdə, uzun saqqallı, dağınıq saçlı və böyük tünd günəş eynəkli təxmini 45 yaşlı bir kişi əyləşmişdi. Belə məkanlara dəstə-dəstə gələn, ümidlərini şansa bağlayan, amma sonda tamamilə uduzan tipik “Loser” kimi görünürdü. Amma bu dəfə yox. O, heyrətamiz bir ardıcıllıqla Kazinonu udurdu. Ya açıq-aşkar bəxti gətirirdi, ya da hansısa sirri bilirdi. 🤔
Ertəsi gün isə eyni kazinoda səliqə ilə qırxılmış, təxminən 30 yaşlarında, kontakt linzalı və işgüzar kostyumda olan, tipik orta səviyyəli menecer görkəmli bir kişi eyni nəticəni təkrarladı. Bəs məsələ nədə idi?
Hər iki halda oyunçular, “Kazinonun həmişə qazandığı” barədə məşhur nəzəriyyəni təkzib edən, yenicə icad olunmuş kart sayma sistemindən istifadə edirdi.
Bu gün biz də qumar oyunları, elm və əlbəttə ki, investisiyalar dünyasının ən maraqlı (və mənim ən sevdiyim) simalarından biri haqqında danışmağa başlayırıq:
Edward (Ed) Thorp.
Bir az bioqrafiya
Edward 1932-ci ildə Chicago şəhərində anadan olub. O istedadlı uşaq olub. Uşaqlıq illərində onun dəqiq elmlərə və eksperimentlərə böyük marağı var idi. O, özü radioötürücülər düzəldir, kimyəvi təcrübələr aparır və hətta aptekdən aldığı, eləcə də əlinin altında olan kimyəvi maddələrdən məşhur partlayıcı maddə — nitroqliserini sintez edirdi. ⚗️
Universitetdə oxuyarkən onu Kazinonun oyunçular üzərindəki üstünlüyü və bu üstünlüyü necə əksinə çevirməyin mümkünlüyü maraqlandırmağa başladı. Onunla bir görüşdə, məşhur fizik, Nobel mükafatı laureatı Richard Feynman bir söhbət zamanı demişdi: “Kazinonu udmaq mümkün deyil”. Amma Thorp elə adam deyildi ki, həmsöhbətin sözünü də kor-koranə qəbul etsin. Nə qədər məşhur olsa da.
Bütün oyunlar elə qurulub ki, başlanğıcda oyunçunun şansları daha zəif olur. Lakin Thorp düşündü ki, kart oyunlarının əvvəlində bu belədirsə, proses ərzində şanslar dəyişə bilər və artıq çıxmış kartları izləməklə üstünlüyün oyunçuya keçdiyi anı müəyyən etmək olar. 💡
Qısaca desək, oyunun əvvəlində Kazinonun şansları daha yüksəkdir. Amma bəzi kartlar çıxdıqca bu şanslar oyunçunun xeyrinə dəyişə bilər. O dövrdə MIT-də mövcud olan kompüterdən istifadə edən Thorp hesabladı ki, kart dəstindən 5-liklər çıxdıqda oyunçunun şansları artır, əksinə, 10-luqlar və tuzlar çıxdıqda isə azalır.
Bu biliklərə əsaslanaraq, o, kifayət qədər sadə kart sayma sistemini yaratdı. Metodunu şəxsən müxtəlif Kazinolarda yoxlayır və heyrətamiz ardıcıllıqla qazanırdı. Daha sonra “Beat the Dealer” kitabını yazdı və bu kitab dərhal bestseller oldu. 📚
Əlbəttə ki, Kazino sahibləri bunun onları müflis edə biləcəyini tez başa düşdülər və həm oyun qaydalarını dəyişdilər, həm də kart sayma metodunu qanunvericilik səviyyəsində qadağan etdilər.
Thorp ABŞ-dakı bütün oyun müəssisələrində “persona non grata” elan olundu. İçkilərinə narkotik qatırdılar, hətta avtomobil qəzası təşkil etməyə belə cəhd etmişdilər. Amma o, “dostcanlı” və “qanunlara hörmət edən” Kazino əməkdaşlarına yaxalanmaq riskinə baxmayaraq (düşünürəm ki, hamı Robert De Niro ilə Hollivud trillerlərini izləyib 😏), metodikasını təkmilləşdirərək oynamağa davam edirdi. Bunun üçün makiyaj və maskirovkaya qədər müxtəlif üsullardan istifadə edirdi.
Və yeri gəlmişkən, hekayəmizin əvvəlində təsvir olunan hər iki personaj eyni insan idi. Bəli, bu, Ed Thorp idi.
Bəs investisiyalar haradadır? 📈
Bu barədə növbəti hissələrdə.