Value Trap — “ucuz” görünüb, baha başa gələn səhv.
Bir çox investor investisiya yoluna sadə və məntiqli bir göstəricidən başlayır — P/E (Price to Earnings), yəni qiymət və mənfəət nisbəti. Hətta biz də bir çox yazılarımızda bu göstəriciyə istinad etmişik.
Bu göstərici investorların şirkətin hər 1 dollar mənfəəti üçün nə qədər ödəməyə hazır olduqlarını göstərir.
Məsələn, P/E = 10-dursa, o deməkdir ki, investorlar 1 dollar mənfəət üçün 10 dollar ödəməyə razıdırlar.
📚 Benjamin Graham, dəyər investisiyasının atası və Warren Buffett-in müəllimi, “Security Analysis” və “The Intelligent Investor” kitablarında göstərirdi ki, aşağı P/E göstəricisinə malik səhmlər tarixi olaraq daha yüksək gəlir gətirib. (bu barədə burda oxuya bilərsiniz)
Amma… doğrudanmı bu qədər asandır? Sadəcə aşağı P/E olan şirkətləri tapmaq kifayətdirmi?
🚨 Elə burada Value Trap yaranır.
Value Trap (dəyər tələsi) — kağız üzərində ucuz görünən (aşağı P/E, P/B və s.), amma əslində dəyərsizləşmiş deyil, sadəcə biznesində ciddi problemlər olan şirkətdir.
Belə şirkətlərdə adətən:
• 📉 gəlir azalır, model köhnəlir, bazar payı itir;
• 💰 borc artır, pul axını zəifləyir;
• ⚙️ menecment dəyişikliklərə uyğunlaşa bilmir;
• 🕰 və ya sənaye özü geriləmə dövrünə düşüb (məsələn, çap mediası və ya kömür sənayesi).
Investor “ucuzluq” görür, amma unudur ki:
❗️ bazar keçmişi deyil, gələcəyi qiymətləndirir ❗️
📷 Klassik nümunə — Eastman Kodak.
Uzun illər Kodak Amerika texnologiya və innovasiya simvolu idi. 1996-cı ildə mən də hardasa 20 şirvana (!) kodak fotoapparatını almışdım.
1997-ci ildə səhmlərin qiyməti təxminən $90 idi, P/E isə 25-dən çox — bazar foto sənayesinin gələcəyinə inanırdı.
2005-ci ilə qədər səhmlər $25-ə düşdü və P/E 8-ə qədər azaldı.
Bir çox dəyər investorları düşündü ki, bu “ucuz əla fürsətdir”.
Amma əslində Kodak artıq texnoloji tənəzzülə girmişdi — rəqəmsal fotoqrafiya bazarı tam dəyişdirmişdi.
2012-ci ildə səhmlər $1-dən də ucuz oldu və şirkət müflisliyini elan etdi.
💀 “Ucuz” görünən şey əslində Value Trap idi — gələcəyi olmayan bir biznes.
💡 Nəticə:
Aşağı P/E “al” siqnalı deyil, sadəcə dərin analiz üçün çağırışdır.
Əsas sual — şirkət niyə ucuzdur?
• Müvəqqəti çətinliklərə görə?
• Yoxsa, çıxışı olmayan struktur tənəzzülə görə?
🎯 Həqiqi dəyər investisiyası bacarığı — dəyəri və tələni bir-birindən ayırmaqdır.
📊 “Price is what you pay, value is what you get.” — Warren Buffett